Vindikasiya
Vindikasiya (lat. Vindicatio - iddia edirəm, tələb edirəm mənasındadır) — mülkiyyət hüququnun müdafiə edilməsi üsulu.
Bu üsulla mülkiyyətçi öz əmlakını, ona qanunsuz yiyələnmiş özgə şəxsin sahibliyindən tələb edə bilər. İddianın bu forması hələ Qədim Roma hüququnda formalaşmışdı. Vindikasiya iddiası tələb edilən əmlakın mülkiyyət hüququnun hansı növünə aid olması, hansı növünə aid olması, şəxsin həmin əmlaka vicdanlı, yaxud vicdansız yiyələnməsi, onu əvəzli və ya əvəzsiz əldə etməsi halları nəzərə alınmaqla həll edilir.
Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür.
Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur.
Vindikasiyanın məzmununu şeyi eyni cinsli, eyni keyfiyyətli başqa şeylə əvəz etmə deyil, şeyə sahibliyin bərpası tələbi təşkil etdiyindən vindikasiya əlaməti yalnız cinsi əlaməti ilə müəyyən edilən, yaxud natura şəklində qalmamış şeylər (məsələn, mübahisəli tikili yeni sahibi tərəfindən sadəcə təmir edilməyib əsaslı şəkildə yenidən inşa olunubsa) haqqında qaldırıla bilməz.